MHP sədri xalqımızı təbrik etdi

0

Milli Həmrəylik Partiyasının (MHP) sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Azərbaycan xalqını Ramazan Bayramı münasibətilə təbrik edib.

Bu barədə MHP mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Tam bir ay ərzində ilahi vəzifəmizi yerinə yetirməyə çalışdıq, oruc tutduq, Dövlətimizin yüksəlişi üçün, Vətənimizin bütövlüyü üçün uca Yaradanımızdan ricalarda bulunduq, bütün soydaşlarımız üçün dualar etdik. Gözəl xalqımıza əminamanlıq, rifah və uğur dilədik.

Beləliklə, 29 ildən sonra Qarabağlı ilk Ramazanımızın sonuna gəldik. Nə xoş təsadüf ki, sonda bayram bayrama qarışdı. Uzun illərin işğal ağrı-acılarından sonra nəhayət ki, Şuşada “Xarıbülbül” festivalı yenidən bərpa olundu. Dünən hamımız bu möhtəşəm festival görüntülərini və Şuşadakı atəşfəşanlığı qürurla izlədik. Bu gün isə mədəniyyət paytaxtımızda 29 ildən sonra ilk dəfə bayram namazı qılındı.

Bütün bunlar hamısı möhtəşəm tarixi anlardır. Bu anları bizə yaşadan Allahımıza şükürlər olsun! Bu anları yaşamağımız üçün vəsilə olan, öz canlarından keçən şəhidlərimizin ruhları şad olsun. Və bu anları bizə ərmağan edən Şanlı Ordumuza, Müzəffər Ali Baş Komandanımıza eşq olsun!

Biz bu son bir ildə həqiqətən də əsl milli həmrəylik təşəbbüslərinin şahidi olduq. İstər soydaşlarımız, istərsə də siyasi qüvvələrimiz xüsusən də 44 günlük müharibə dönəmində Dövlətlə və Ordu ilə, Ali Baş Komandanımız İlham Əliyevlə möhtəşəm birlik nümunəsi sərgilədi. Hamımız birlikdə tarixi Zəfərə imza atdıq.

Arzum budur bu milli birliyimiz və həmrəyliyimiz heç vaxt sarsılmasın. Allah oruc və dualarınızı qəbul eyləsin. Gələcək günləriniz xeyirli olsun. Ramazan Bayramınız mübarək olsun, əziz azərbaycanlılar!

Hörmətlə:

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »